Son illərdə, müstəqillik dövründə Azərbaycan tarixinin görkəmli nümayəndələrinin, vətən qarşısında xidmət göstərən ziyalıların uğuru və ölkəyə verdiyi töhfələr tədqiq olunaraq geniş aspektdə oxucu kütləsinə təqdim olunur. Bu nümunələrin hər birində müasir dövrün oxucusu tariximizlə birbaşa təmasda olaraq, gerçəkliklərin əsas tərəfləri ilə zaman və məkan anlayışları çərçivəsində tanış olub, onların əməllərinin şahidinə çevrilir. Tariximizdə belə ziyalı təbəqələrin nümayəndələrin sayı kifayət qədərdir. Müxtəlif sahələrdə çalışan insanların tariximizə həkk etdikləri iz məxsusi dəyərlərinin fövqündə aydın görünür. Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə "Elm" nəşriyyatında çapdan çıxan Dilarə Nağıyeva-Muxtarovanın "Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti" kitabında ilk dəfə olaraq, Ağa Musa Nağıyevin sahibkarlıq, xeyriyyəçilik və ictimai fəaliyyəti kompleks şəkildə tədqiq olunub.
Kitabın elmi redaktoru, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovdur. Monoqrafiyanın rəyçiləri professor Musa Qasımlı, filologiya üzrə fəlsəfə doktoru Jalə Əliyeva, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovdur.
Kitabın anotasiyasında göstərilir ki, XIX əsrin sonu XX əsrin əvvəllərində Bakı neft sənayesinin canlanmasının mədəni və ictimai həyata təsiri, Azərbaycan milyonçuları arasında öz vətənpərvərliyi, xeyirxahlığı ilə seçilən Ağa Musa Nağıyevin həyat və fəaliyyətinin çox hissəsi elmi tədqiqata ilk dəfə cəlb olunaraq, tarixi sənədlər əsasında öyrənilib. Müsir dövrümüzdə tarix elmi azərbaycançılıq ideologiyası aspektindən yenidən işlənir, uzun illər qadağan olunmuş mövzulara işıq salınır, arxivlərin küncünə atılmış qiymətli sənədlər aşkarlanır.
Məlum olduğu kimi, uzun illər sovet imperiyası dövründə yaşayan Azərbaycan neft milyonçularının həyat və fəaliyyətini, onların xeyriyyəçilik missiyasını təqdim edilməsinə qadağalar qoyulmuşdur. Zaman ötdükdən sonra həqiqət bəlli oldu. Musa Nağıyev də belə şəxsiyyətlər sırasındadır. Kitabda milyonçunun keçdiyi keşməkəşli həyat yolu tam şəkildə əks olunub, onun millət yolunda gördüyü işlərə geniş yer verilib. Hətta monoqrafiyada sovet məkanınıda yaşadığımız zamanda milyonçunun nəslinə məxsus insanların repressiyalara, sürgünlərə məruz qalmaları, daim təzyiq altında yaşamaları da faktların dili ilə oxucuya çatdırılıb.
Kitab giriş, üç fəsil və nəticədən ibarətdir. Üç hissədən ibarət nəşrdə Nağıyevin sahibkarlıq fəaliyyəti, ictimai fəaliyyəti, eləcə də, onun varislərin sonrakı həyatı haqqında fikirlər öz əksini tapıb. Tədqiqatçı Dilarə Nağıyeva monoqrafiyanın giriş hissəsində yazır ki, kimdir Ağa Musa, onun haqqında nə bilirik? Gələcək nəsil nə biləcək? Bu vaxtadək onun şəxsi keyfiyyətlərindən çox az bilib, gördüyü böyük işlər haqqında düşünməmişik. Dilarə xanım göstərir ki, Azərbaycan Sovet Ensiklopediyasında Ağa Musa Nağıyevin iri neft sahibkarı olması və onun binalarının milliləşdirilməsi haqda çox səthi məlumat verilib. Hətta onun xeyriyyəçiliyi haqda bir sətir də belə ensiklopediyada yer almayıb.
Müəllif axtarışlarının müqabilində monoqrafiyanın elmi yeniliyini qruplaşdırıb. Belə ki, kitabda Azərbaycanın ictimai fikrində və xeyriyyəçilik hərəkatında rol oynayan Ağa Musa Nağıyevin sahibkarlıq fəaliyyəti kompleks şəkildə araşdırılmış, Azərbaycanda xeyriyyəçilik hərəkatında neft milyonçularının, xüsusən də, Nağıyevin bu sahədə səmərəli fəaliyyəti öyrənilmişdir. Bununla yanaşı, Bakı şəhərinin memarlığına Nağıyevin verdiyi töhfə araşdırılmış, milyonçunun varisləri və varisliyi problemi ilk dəfə olaraq kompleks öyrənilmişdir.
Birinci fəsil "Azərbaycan neft sənayesi və A.M.Nağıyevin sahibkarlıq fəaliyyəti" adlanır. Azərbaycan neft sənayesinin inkişafında yerli kapitalın rolu göstərən müəllif on doqquzuncu yüzilliyin sonunda neft şrkətlərinin sayının 140-a çatdığını göstərir. Bakı xanlığının Rusiya tərəfindən işğalına qədər neft mədənlərinin əsasən xanın ixtiyarında olduğunu vurğulayan müəllif tarixi araşdırmalarının nəticəsində işğaldan sonra onların müstəmləkəçilərin ixtiyarına keçdiyini göstərir. 1879-cu ildə Nobel qardaşları, 1880-ci ildə fransız kapitalı, 1890-cı illərdə ingilis kapitalı, sonra isə digər dövlətlərin kapitalistləri Azərbaycanın neft sənayesində mövqe tuturlar. Neft hasilatı və emalı sənayesinin inkişafı Azərbaycanda varlı kapitalistlərin, milyonçuların yetişməsi üçün şərait yaradır. Qısa müddətdə Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov və başqa milyonçular ortaya çıxır.
Kitabın ikinci fəsli "Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti", üçüncü fəsil isə "Ağa Musa Nağıyev və onun varislərinin sonrakı taleyi" adlanır. Xatırladaq ki, Ağa Musa Nağıyevin vəfatından sonra varislik məsələsi, habelə, onun varisləri sovet repressiyası illərində çəkdiyi əziyyətlər tarixşünaslıqda ilk dəfə tədqiq olunur.
Kitabda çətin, lakin şərəfli ömür yaşayan, taleyin hökmü ilə sınaqlara məruz qalan Musa Nağıyevin vətənpərvərlik hissindən doğan ideyaları diqqəti cəlb edir. Bu baxımdan ölümündən sonra keçən dövr ərzində xalqa mənsub olan xidmətinin bir qolu, məhz inşa etdirdiyi binalarda da özünü göstərir. Kitabın nəticə hissəsində müəllifin elmi araşdırmaları ümumiləşdirilmiş formada təqdim edilir.
Dilarə Nağıyevanın Azərbaycan tarixinin maraqlı bir dövrünü əhatə edən "Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti" adlı monoqrafiyası sanballı tədqiqat əsəri olaraq tarixçilər, o dövrün tədqiqatçıları, eləcə də, geniş oxucu kütləsinə dəyərli töhfədir.
Hiç yorum yok:
Yorum Gönder