30 Mart 2017 Perşembe



O, nə şair, nə yazıçı, nə bəstəkar, nə heykəltaraş, nə də dövlət xadimidir. O, sadəcə olaraq zəhmətkeş, qəlbi dağlar qədər böyük, xalqı üçün yanan, lakin varını bütə döndərməyən, onu xalq üçün sərf etməyə hazır olan böyük şəxsiyyətdir. Bu şəxs Haci Zeynalabidin Tağıyevdir.
H. Z. Tağıyev Şərq aləminin ilk mesenatı idi. Sərvət və sərmayadarlıq onu heç zaman xalqından ayırmamış, mənən və qayğıları ilə xalqla özü arasında daimi bir körpü salmışdır. Xalqın kədəri onun kədəri, sevinci onun sevinci idi. Bakı sərmayadarları içərisində heç bir milyonçu xalqa, camaata bu dərəcədə yaxın olmamışdır. Çünki, o özü xalqın içərisindən çıxmışdı, adi palçıq daşıyan fəhlədən, adlı-sanlı, qüdrətli sərmayadar dərəcəsinə yüksəlmişdi. N. Nərimanov xalqımızın tarixdə qalmağa layiq olan, unudulmayan oğul-qızlarından bəhs edərək yazırdı: “ Müsəlmanlardan bu qeyrətdə olanları görməmişiksə də, ancaq adlarını tarixlərdə oxuyuruq və düşünürük ki, millət yolunda can qoyanlar bizlərdə də var imiş. Bu zati-möhtərəmlər hər əsrdə olublar, vardırlar və olacaqlar. Ümumi xeyirdən otrü bu əsri-hazırda insafımız rəva görməyir ki cənab Hacı Zeynalabidin Tağıyevi nəzərmizdən keçirtməyək, ta gələcəkdə millətin balaları bu cənabın millətə qeyrətini, vətənə məhəbbətini, insana himmətini və həmiyyətini tarixdə oxuyub gözləri rövşan və qəlbləri şad olsun. Həqiqət hal! Bu zati-möhtərəm bir qeyri-zatdır, ruzigar bizlərə bəxişiş edibdir. Bu zat millət bozorgi (böyüyü) ruzigarın nadidə əsəri əvəzsiz olub adını tarixə sala bilərikmi?”.
Hacı Zeynalabidin Tağıyev 1823-cü ildə anadan olmuş, uzun, mühüm hadisələrlə zəngin ömür sürmüşdür. Başlıca fəaliyyəti kapitalist münasibətlərinin formalaşdığı və bərqərar olduğu dövrə, habelə XX əvvəllərinin coşğun siyasi çarpışmalar dövrünə təsadüf etmişdir.
H. Z. Tağıyev ağ neft istehsalı ilə məşğul olmuş ilk azərbaycanlılardan biri idi. 1870-ci ildə onun iki qazanlı ağ neft zavodu vardı. Bu qiymətli məhsulun istehsalındakı müvəffəqiyyət onda neft işinə maraq oyadır.
H. Z. Tağıyevin birinci dəfə evlənməsi haqqında çox az məlumat var. Ancaq o məlumdur ki, arvadının ölümündən sonra onun üç uşağı- oğlanları İsmayıl (1865-ci il), Sadıq (1868-ci il) və qızı Xanım (1871-ci il) qalmışdı. Birinci oğlu Nurə Ərəblinskaya ilə evlənmişdi. Qacarlar nəslindən Mələksima (M. F. Axundovun nəvəsi) ilə evlənən ikinci oğlundan Tağıyevin Ağa-Zeynalabidin, Zərintac Və Zeynəb adlı üç nəvəsi olmuşdur.
Rusiyada tətbiq edilən “Ticarət və digər işlərlə məşğul olmaq hüququ üçün gömrüklər haqqında Əsasnamə” 1876-cı ildə Azərbaycana da şamil edildi. 1877-ci ildə H. Z. Tağıyev ikinci gildiyi tacir zümrəsinə qəbul olunur. 1882-ci ilədək bu rütbədə qalır. 1882-ci ildə isə birinci gədiyi tacir rütbəsinə layiq görülür. XIX əsrin 80-ci illərində H. Z. Tağıyev tam imkanlı bir şəxs kimi “Təzəpir” məscidinin yaxınlığındakı evə köçür. Həmin evdə o zaman Azərbaycanın məhşur ictimai xadimi, böyük humanist və maarifçi Həsən Bəy Zərdabi (Məlikov) yaşayırdı. Onların tanışlığı sonradan böyük dostluğa çevrilmişdir. Həsən Bəy Zərdabi H. Z. Tağıyevin ictimai mövqeyinin formalaşmasına böyük təsir göstərir, onun xeyriyyətçilik və maarifçilik fəaliyyətinin müəyyənləşməsində mühüm rol oynamışdır.
H. Z. Tağıyevin Azərbaycan xalqının mədəniyyətinin inkişafına olan demokratik dünya- görüşünün formalaşmasına döürünün görkəmli ictimai xadimiləri olan Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Nəriman Nərimanov, Əhməd bəy Ağaoğlu və başqaları ilə tanışlığı da böyük təsir göstərmişdir.
XIX əsrin sonunda Tağıyevin şəxsi həyatında dəyişikliklər baş verir. 1896-cı il iyunun 28-də o, Dərbənddə 1881-ci il təvəlüdlü Sona xanım Ərəblinskaya (kübar cəmiyyətində Sofiya Vladimirovna adı ilə tanınırdı) ilə evlənir. Onun bu qadından 5 uşağı olur: qızları Leyla (1898), Sara (1899), Sürəyya (1904) və oğlanları Məmmədtağı (1900) və Məmmədkazım (1903). Doğrudur H. Z. Tağıyevin vəfatı ilə əlaqədar “Kaspi” qəzetində dərc edilmiş nekroloqda İlyasın da adı çəkilir, lakin onun haqqında heç bir məlumat yoxdur.
1900-cu ildə H. Z. Tağıyev fəxri vətəndaş adına layiq görülür. 1907-ci il yanvarın 25-də isə ona 4-cü dərəcəli həqiqi mülkü müşavir rütbəsi verilir. Çar rusiyasında ( imperiyanın iyerarxiya pillələri cəmi 14 dərəcədən ibarət idi) bu rütbənin nə qədər yüksək olduğunu təsəvvürə gətirmək üçün onu qeyd etmək kifayətdir ki, S. Y. Vitte və P. A. Stolıpin dəmir yolları departamentinin direktoru və daxili işlər naziri vəzifələrinə təyin edilmişlər. Neft sənayeçiləri arasında həqiqi mülki müşavir rütbəsi H. Z. Tağıyevdən başqa bir də E. Nobelə verilmişdir. Senatın 1910-cu il 8 fevral tarixli fərmanı ilə Tağıyev nəsli zadəgan rütbəsinə layiq görülmüşdür.
H. Z. Tağıyev “Müqəddəs Stanislav” ordeninin III və II dərəcəli, habelə aşağıdakı medallarla təltif olunmuşdur: Üzərində “Səyinə görə” yazısı olan (biri Anna, ikisi isə Stanislav lentindən) boyundan aslan üç qızıl, Stanislav lentli biri boyundan asılan, digəri sinəyə taxılan iki gümüş medal. Tağıyevin mükafatları arasında imperator III Aleksandırın hökmranlığı dövrünün gümüş xatirə medalı da var. Bunlardan başqa o xarici ölkələrin mükafatları ilə-İranın “Şiri-Xurşid” ordeninin IV,II və I dərəcələri, habelə Buxaranın III dərəcəli “Qızıl Ulduzu” ilə təltif olunmuşdur.
Azərbaycan sovetləşəndən və Tağıyevin bütün müəəssisələri milliləşdirildikdən sonra ona özünün Mərdəkandakı bağında yaşamaq imkanı verilmişdir.
Irana getmiş böyük qızı Leyladan fərqli olaraq, Vətənindən ayrılmaq istəməyən H. Z. Tağıyev 1924-cü il sentyabrın 1-də 101 yaşında ikən vəfat etmiş və öz vəsiyyətinə görə Bakıda ən tanınmış din xadimlərindən olan Axund Hacı Əbu Turabın Mərdəkandakı, məqəbərəsinin önündə dəfn edilmişdir.